Azərbaycanlı məktəbli Ali Aslanov beynəlxalq STEM yarışlarında qazandığı uğurlarla diqqət çəkməyə davam edir. 11 yaşlı şagird bu dəfə İtaliyada keçirilən "STEM Olympiad Grand Final" yarışında dünya çempionu adına layiq görülüb.
“Tehsil365” xəbər verir ki, "Dünya Məktəbi"nin V sinif şagirdi Ali Aslanov son illərdə robototexnika və proqramlaşdırma sahəsində bir sıra beynəlxalq uğurlara imza atıb.
O, 2023-cü ildə Rumıniyada keçirilən "RoboChallenge" olimpiadasında, 2024-cü ildə Bakıda təşkil olunan "Robotex Azərbaycan" və Türkiyədə keçirilən "Robotex International" yarışlarında, həmçinin Niderlandda baş tutan STEM Olimpiadasının final mərhələsində uğurla çıxış edib. 2025-ci ildə ABŞ-da keçirilən "NEO Science Olympiad" beynəlxalq olimpiadasında kodlaşdırma istiqaməti üzrə bürünc medal qazanıb.
Ali Aslanovun ən böyük uğuru isə 2026-cı ilin iyul ayında İtaliyanın Roma şəhərində keçirilən "STEM Olympiad Grand Final" yarışında qeydə alınıb. O, kodlaşdırma istiqaməti üzrə bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüb və dünya çempionu adını qazanıb.
Qeyd edək ki, Ali Aslanov robototexnika və proqramlaşdırma bacarıqlarını "Maestro School" tədris mərkəzində mənimsəyib və beynəlxalq yarışlara müəllimi Murad Əliyevin rəhbərliyi ilə hazırlaşıb.

