Bu gün Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı peşə təhsili müəssisələrinin rəhbərləri və aidiyyəti əməkdaşlarının iştirakı ilə görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman peşə təhsili sistemində həyata keçirilən islahatlar çərçivəsində ixtisasların təsnifatının yenilənməsinin əhəmiyyətindən bəhs edib.
Bildirilib ki, bu istiqamətdə aparılan işlər əmək bazarının mövcud və perspektiv ehtiyaclarına uyğun kadr hazırlığının təmin edilməsinə, təhsil proqramlarının təkmilləşdirilməsinə və peşə təhsilinin keyfiyyətinin daha da artırılmasına xidmət edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı isə qeyd edib ki, yeni ixtisas təsnifatı beynəlxalq təcrübə, iqtisadiyyatın prioritet istiqamətləri və əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanır. Vurğulanıb ki, təsnifatın yenilənməsi peşə təhsili sahəsində həyata keçirilən digər islahatların icrasına və müasir əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının təşkilinə mühüm töhfə verəcək.
Daha sonra Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva təqdimatla çıxış edərək yeni ixtisas təsnifatı layihəsi üzrə görülən işlər barədə məlumat verib.
Təqdimatda müxtəlif dövlət qurumları, işəgötürənlər və digər maraqlı tərəflər tərəfindən təqdim olunmuş rəy və təkliflər əsasında layihədə aparılmış dəyişikliklər, struktur yenilikləri, ixtisas istiqamətlərinin əmək bazarının mövcud və gələcək tələblərinə uyğunlaşdırılması, həmçinin beynəlxalq təcrübə ilə uyğunluğun təmin olunması istiqamətində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb.
Görüş zamanı peşə təhsili müəssisələrinin nümayəndələri ilə yeni ixtisas təsnifatının tətbiqinin praktiki aspektləri, müəssisələrin yeniliklərə adaptasiyası və təhsil proqramlarında zəruri dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda iştirakçılar tərəfindən layihənin təkmilləşdirilməsinə dair təkliflər səsləndirilib.
Sonda layihə üzrə görüləcək növbəti işlər, fəaliyyət planı və qarşıdakı mərhələlər müzakirə olunub.

