Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində olub.
MDU-dan “Tehsil365” ə bildirilib ki, görüşdə təhsil, elmi tədqiqat, meteorologiya, iqlim dəyişmələri, erkən xəbərdarlıq sistemləri, meteoroloji məlumatların rəqəmsal emalı və yüksəkixtisaslı kadr hazırlığı sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Anar Eminov bildirib ki, iqlim dəyişmələri və yaşıl iqtisadiyyat müasir dövrün əsas çağırışlarındandır. Onun sözlərinə görə, Milli Hidrometeorologiya Xidməti ilə əməkdaşlıq tələbə və tədqiqatçılar üçün yeni elmi-praktiki imkanlar yaradacaq. Əməkdaşlıq çərçivəsində istehsalat və tədqiqat təcrübələrinin təşkili, mütəxəssislərin tədris prosesinə cəlb olunması, birgə seminar və təlimlərin keçirilməsi nəzərdə tutulur.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov universitetlərlə əməkdaşlığın gənc mütəxəssislərin hazırlanması və elmi biliklərin praktikaya tətbiqi baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə Kür hövzəsində iqlim dəyişmələrinin təsirlərinin, regional iqlim risklərinin və ekstremal hava hadisələrinin birgə öyrənilməsi, bu istiqamətdə rəqəmsal texnologiyaların tətbiqi məsələləri də müzakirə edilib. Bu məqsədlə MDU-nun Davamlı Enerji və Mühəndislik Sistemləri Tədqiqatları İnstitutu ilə Milli Hidrometeorologiya Xidmətinin müvafiq struktur bölmələri arasında əməkdaşlıq qurulacaq.
Tərəflər iqlim dəyişmələri və yaşıl inkişaf sahəsində tələbə və tədqiqat təşəbbüslərinin dəstəklənməsi imkanları ətrafında da fikir mübadiləsi aparıblar.
Görüşün sonunda MDU ilə Milli Hidrometeorologiya Xidməti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Səfər çərçivəsində universitet nümayəndələri Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

