Milli Aviasiya Akademiyasında təşkil olunan “Beynəlxalq Aviasiya Yay Məktəbi – MAA 2026” proqramı uğurla yekunlaşıb. İki həftə davam edən beynəlxalq yay məktəbi bağlanış mərasimi, iştirakçıların yekun təqdimatları və sertifikatların təqdim edilməsi ilə başa çatıb.
MAA-dan “Tehsil365” ə bildirilib ki, proqram çərçivəsində müxtəlif ölkələrdən olan tələbələr aviasiya, aerokosmik mühəndislik, pilotsuz uçuş sistemləri və digər müasir sahələr üzrə nəzəri və praktiki təlimlərdə iştirak edib, eyni zamanda sənayenin aparıcı müəssisələrinə texniki səfərlər edərək real iş mühiti ilə yaxından tanış olublar.
Bağlanış mərasimində çıxış edənlər yay məktəbinin beynəlxalq akademik əməkdaşlığın inkişafına, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə və gənclərin peşəkar inkişafına verdiyi töhfəni vurğulayıblar.
“Beynəlxalq Aviasiya Yay Məktəbi – MAA 2026” Milli Aviasiya Akademiyasının beynəlmiləlləşmə strategiyasının uğurlu təşəbbüslərindən biri kimi xarici tələbələrin Azərbaycan aviasiya təhsili ilə tanışlığı və yeni beynəlxalq tərəfdaşlıqların formalaşdırılması üçün mühüm platforma rolunu oynayıb.

