1969-cu il 14 iyul Azərbaycan tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, ölkənin elm, təhsil, milli kadr hazırlığı və intellektual potensialının inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi də xüsusi əhəmiyyət daşıyır. Həmin tarixdən etibarən Azərbaycanda dövlət idarəçiliyinin əsas istiqamətlərindən biri kimi insan kapitalının formalaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi müəssisələrin inkişafı və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məsələlərinə sistemli şəkildə yanaşılıb.
“Tehsil365” Azertaca istinadən xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, akademik İradə Hüseynova söyləyib.
Akademik bildirib ki, XX əsrin ikinci yarısında dünyanın aparıcı ölkələrində elmi-texniki tərəqqinin sürətləndiyi, bilik və innovasiyanın dövlətlərin inkişafında əsas amilə çevrildiyi bir dövrdə Azərbaycanda elm və təhsilə strateji sahə kimi yanaşılması mühüm nəticələr yaradıb.
“1969-cu il 14 iyul Azərbaycan tarixində yalnız idarəçilikdə dəyişikliklə deyil, həm də elm və təhsil siyasətinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə yaddaqalan bir tarixdir. Həmin dövrdə formalaşdırılan elmi və təhsil infrastrukturu sonrakı onilliklərdə Azərbaycanın milli inkişafının əsas dayaqlarından birinə çevrilib”, – deyə akademik qeyd edib.
1969-cu ildən sonra Azərbaycanda təhsilin bütün pillələri üzrə genişmiqyaslı inkişaf proqramları həyata keçirilib. Ümumtəhsil məktəblərinin şəbəkəsi genişləndirilib, yeni məktəb binaları inşa edilib, mövcud təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilib.
Həmin dövrdə pedaqoji kadr hazırlığına xüsusi diqqət göstərilib. Müəllim peşəsinin nüfuzu artırılıb, ali pedaqoji təhsil müəssisələrinin fəaliyyəti genişləndirilib, gənc müəllimlərin hazırlanması və bölgələrdə təhsil səviyyəsinin yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirilib. Ali təhsil sahəsində də ciddi irəliləyişlər əldə olunub. Yeni ixtisas istiqamətləri yaradılıb, elmi-pedaqoji potensial gücləndirilib. Tələbələrin tədqiqat proseslərinə cəlb olunması, gələcək alim və mütəxəssislərin hazırlanması üçün geniş imkanlar yaradılıb.
1970–1980-ci illərdə minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ölkənin gələcək inkişafı üçün mühüm investisiya xarakteri daşıyıb. Həmin universitetlərdə təhsil alan azərbaycanlı tələbələr mühəndislik, tibb, fundamental elmlər, energetika, kosmik texnologiyalar, iqtisadiyyat, hüquq, hərbi sahə və digər strateji istiqamətlər üzrə yüksək hazırlıq keçirdilər. Bu mütəxəssislərin böyük hissəsi Azərbaycana qayıdaraq ölkənin elmi, iqtisadi və idarəçilik potensialının inkişafına mühüm töhfələr verib.
Akademik İradə Hüseynova vurğulayıb ki, milli kadr hazırlığı siyasəti Azərbaycanın gələcək müstəqilliyi üçün intellektual baza yaradıb. Həmin illərdə yetişən mütəxəssislər müstəqillik dövründə ölkənin müxtəlif sahələrində aparıcı mövqelər tutublar.
1969-cu ildən sonra Azərbaycan Elmlər Akademiyasının fəaliyyəti genişləndirilib, elmi-tədqiqat institutlarının maddi-texniki bazası möhkəmləndirilib, fundamental və tətbiqi tədqiqatların aparılması üçün imkanlar artırılıb. Geologiya, neft-kimya, fizika, riyaziyyat, kimya, biologiya, genetika, kənd təsərrüfatı elmləri, tibb, tarix, arxeologiya, dilçilik və ədəbiyyat sahələrində fəaliyyət göstərən elmi müəssisələr Azərbaycanın elmi potensialının əsas mərkəzlərinə çevrilib. Azərbaycan alimlərinin əldə etdiyi nəticələr keçmiş SSRİ miqyasında yüksək qiymətləndirilir, bir sıra istiqamətlər üzrə aparılan tədqiqatlar beynəlxalq elmi mühitdə də maraq doğururdu.
XX əsrin ikinci yarısında dünya elmində molekulyar biologiya, genetika və biotexnologiya istiqamətlərinin sürətli inkişafı müşahidə olunurdu. Azərbaycanda da bu sahələrin inkişafı üçün mühüm elmi baza formalaşdırılıb. Genetika, biokimya, mikrobiologiya, bitki fiziologiyası və digər istiqamətlər üzrə aparılan tədqiqatlar genişləndirilib. Müasir dövrdə genomika, molekulyar genetika, bioinformatika, bitki biotexnologiyası, genetik ehtiyatların qorunması və biomüxtəlifliyin molekulyar əsaslarının öyrənilməsi istiqamətlərində aparılan araşdırmalar Azərbaycanın elmi prioritetləri sırasında yer alır.
Azərbaycanın elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərin əsasını təşkil edən mühüm mərhələlərdən biri məhz 1969-cu il 14 iyul tarixindən başlayan inkişaf xətti ilə bağlıdır. Bu gün ölkənin elmi və təhsil potensialının inkişafında həmin tarixi mərhələnin yaratdığı imkanların mühüm rolu qalmaqdadır. Azərbaycanın elm və təhsil siyasətində insan kapitalına verilən yüksək dəyər ölkənin davamlı inkişafının əsas amillərindən biri olaraq qalır. Bu tarixi irs yeni çağırışlar fonunda daha da zənginləşdirilir. Elm və təhsilin qarşılıqlı əlaqəsinin gücləndirilməsi, innovativ düşüncənin təşviqi, gənc nəslin müasir bilik və bacarıqlarla formalaşdırılması Azərbaycanın strateji inkişaf prioritetləri sırasında yer alır.

