Rəqəmsal informasiya mühitində baş verən böyük dəyişikliklərlə biz ictimai məkanda yayılan fasiləsiz informasiya axını ilə qarşılaşmışıq. Bu böyük dəyişiklik yalnız informasiyanın əldə olunması ilə bağlı deyil. Həmçinin əsas çağırış artıq həmin məlumatın yoxlanılması, doğruluğunun təsdiqlənməsi və ona düzgün qiymət verilməsi imkanları ilə bağlıdır.
“Tehsil365” xəbər verir ki, bunu İordaniya Haşimilər Krallığının Kommunikasiya Nazirliyinin baş katibi Zaid Əl-Nəvaisə iyulun 14-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
"Texnologiyaların sürətli inkişafı fonunda qarşıdakı vəziyyəti tam proqnozlaşdırmaq çətindir. Bu gün süni intellekt texnologiyaları sürətlə inkişaf edir. Hər üç-altı aydan bir yeni versiyalar ortaya çıxır və həmin sistemlər həqiqi olub-olmadığını müəyyənləşdirməyin çox çətin olduğu məzmunlar yarada bilir", - deyə o qeyd edib.

