İştirakçı sayına və müddətinə görə Azərbaycanın ən irimiqyaslı gənclər festivallarından biri olan Yay Fest 2026-ya start verilib.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və bir sıra gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən festival iyulun 13-dən sentyabrın 4-dək Şamaxıda davam edəcək.
Artıq altıncı dəfə təşkil olunan Yay Fest ötən illər ərzində on mindən çox gənci bir araya gətirərək onların intellektual, şəxsi və peşəkar inkişafına töhfə verib. Festival gənclərin liderlik bacarıqlarının inkişafı, ictimai fəallığının artırılması və müasir biliklərə yiyələnməsi baxımından mühüm platformaya çevrilib.
Bu il festivalın əsas mövzusu süni intellekt, rəqəmsal transformasiya və innovasiyalara həsr olunub. Proqram çərçivəsində “Rəqəmsal Dövlət”, “Media və Rəqəmsal Savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq” və “AI – İdman və Sağlamlıq” olmaqla 8 tematik düşərgə təşkil ediləcək.
Hər biri 5 gün davam edəcək düşərgələrdə ümumilikdə 2 mindən çox gəncin iştirakı nəzərdə tutulur. İştirakçılar dövlət qurumlarının, özəl sektorun və texnologiya sahəsinin aparıcı mütəxəssisləri ilə görüşlərdə, panel müzakirələrdə, təlimlərdə və master-klasslarda iştirak edəcəklər. Festival proqramına həmçinin idman yarışları, intellektual müsabiqələr, komanda quruculuğu oyunları və konsertlər də daxildir.
18–25 yaş aralığında ictimai fəallığı ilə seçilən gənclər festivalın rəsmi saytı vasitəsilə qeydiyyatdan keçərək müsahibə mərhələsində iştirak edə bilərlər. Düşərgədə iştirak ödənişsizdir və hər bir gənc yalnız bir düşərgəyə qoşula bilər.

