Qarabağda inşa olunacaq məktəb və ətraf sahə Slovakiyanın görkəmli tarixi şəxsiyyəti, general Milan Rastislav Ştefanikin adını daşıyacaq.
“Tehsil365” xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada mətbuata bəyanatla çıxışı zamanı deyib.
Prezident bildirib ki, bununla Slovakiyanın irsi uzun illər Qarabağda yaşayacaq və həmin məktəbdə təhsil alacaq şagirdlər, onların valideynləri və müəllimləri Slovakiya ilə bağlılıq hiss edəcəklər.
Peter Pelleqrini qeyd edib ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər artıq iqtisadiyyat və diplomatiya çərçivəsini aşaraq insanlar arasında əlaqələrin inkişafına da töhfə verir.
O vurğulayıb ki, oktyabr ayından etibarən iki ölkə arasında birbaşa uçuşların başlanması təhsil, insanlararası təmaslar və biznes sahəsində əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq.

