Bakı Slavyan Universitetinin (BSU) müəllimləri Polşanın Krakov şəhərində keçirilən VI Dünya Polyak Ədəbiyyatı Tərcüməçiləri Konqresində iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, nüfuzlu beynəlxalq tədbirdə universiteti polyak dili müəllimləri Samirə Abdullayeva və Elnarə Abduhəlimova təmsil ediblər.
Avropa, Asiya, Şimali və Cənubi Amerikadan 200-dən çox tərcüməçinin qatıldığı konqres Polşa ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması, tərcümə fəaliyyəti sahəsində əməkdaşlığın genişləndirilməsi və peşəkar təcrübə mübadiləsinin təşviqi məqsədilə təşkil olunub.
Konqres çərçivəsində iştirakçılar yazıçılar, ədəbi tənqidçilər və naşirlərlə görüşlərdə iştirak edib, müxtəlif ölkələrdən olan tərcüməçilərlə peşəkar əlaqələr qurublar. Tədbirin proqramına kitab təqdimatları, müəlliflərlə görüşlər, panel müzakirələri və mühazirələr daxil olub.
Qeyd edək ki, Dünya Polyak Ədəbiyyatı Tərcüməçiləri Konqresi tərcüməçilərin fəaliyyətinin dəstəklənməsi, yeni beynəlxalq əməkdaşlıqların qurulması və Polşa ədəbiyyatının dünyada təbliğinin gücləndirilməsi məqsədilə keçirilir.

