Çin Xalq Respublikasının Pekin İnşaat və Memarlıq Universitetində (BUCEA) keçirilən “Ağıllı şəhərlər üzrə Beynəlxalq Yay Məktəbi” çərçivəsində Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Beigou Village kəndinə və Mutianyu Böyük Çin səddi ərazisinə tədris səfərində iştirak ediblər.
BMU-dan “Tehsil365” ə bildirilib ki, “Çində və dünyada kəndlərin dirçəldilməsi: Böyük Çin səddinin ətəyində mədəni irsin qorunması təcrübəsi” mövzusunda təşkil edilən proqram çərçivəsində iştirakçılar Çində kəndlərin sosial-iqtisadi inkişafı, mədəni irsin qorunması və davamlı turizmin təşviqi istiqamətində həyata keçirilən layihələrlə tanış olublar.
Səfər zamanı tələbələr Böyük Çin səddinin ətəyində yerləşən Beigou Village kəndinin inkişaf modeli haqqında ətraflı məlumat əldə ediblər. Qeyd olunub ki, kənd son illərdə tarixi irsin qorunması, ekoloji idarəetmə, ənənəvi memarlığın bərpası və kənd turizminin inkişafı hesabına beynəlxalq səviyyədə tanınan mədəni turizm məkanına çevrilib. Tarixi tikililərin müasir funksiyalarla uyğunlaşdırılması, yerli icmanın iqtisadi fəallığının artırılması və davamlı inkişaf prinsiplərinin tətbiqi iştirakçılar üçün maraqlı təcrübə nümunəsi olub.
BMU tələbələri dünyanın ən möhtəşəm tarixi-memarlıq abidələrindən biri olan Mutianyu Böyük Çin səddini də ziyarət edərək bu unikal dünya irsinin tarixi, memarlıq xüsusiyyətləri və qorunması istiqamətində görülən işlərlə yaxından tanış olublar.
Sahə səfəri tələbələrə ağıllı şəhərlər və davamlı inkişaf mövzularını yalnız şəhər mühitində deyil, həm də kənd ərazilərində tətbiq olunan innovativ yanaşmalar kontekstində öyrənmək imkanı yaradıb. Eyni zamanda proqram iştirakçıların mədəni irsin qorunması, kəndlərin dirçəldilməsi və davamlı inkişaf sahəsində beynəlxalq təcrübə ilə tanış olmasına mühüm töhfə verib.
Qeyd edək ki, BUCEA ilə mövcud əməkdaşlıq çərçivəsində BMU-nun müəllim və tələbələrindən ibarət nümayəndə heyəti qısamüddətli akademik mübadilə proqramı çərçivəsində Pekində müxtəlif akademik fəaliyyətlərdə iştirak edir.

