Azərbaycanda tətbiq olunan vahid rəqəmsal təhsil platformasının istifadəçilərinin sayının yeni tədris ilində təxminən 2 milyona çatdırılması planlaşdırılır. Platformada toplanan məlumatlar əsasında süni intellekt həllərinin tətbiqi də genişləndiriləcək.
“Tehsil365” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, hazırda platformadan 900 mindən çox şagird, valideyn, müəllim və məktəb rəhbəri istifadə edir. Sentyabr ayından sistem bütün regionları əhatə edəcək və bununla da istifadəçilərin sayının təxminən 2 milyona çatacağı gözlənilir.
V.Xanlarov qeyd edib ki, platformada formalaşan böyük həcmli məlumatlar vahid bilik bazasında toplanır və onların əsasında süni intellekt modelləri hazırlanır. Bu texnologiyalar tədris prosesinin təhlili, fərdiləşdirilməsi və idarə olunmasında istifadə ediləcək.
O bildirib ki, artıq Bakı şəhərində fəaliyyət göstərən 45 min müəllim üçün süni intellekt əsaslı rəqəmsal köməkçi alətlər istifadəyə verilib. Həmin alətlər dərs planlarının hazırlanması, tədris prosesinin təhlili və müəllimlərə metodiki dəstəyin göstərilməsi imkanlarını təqdim edir.
Nazirlik rəsmisinin sözlərinə görə, müəllimlərin bu texnologiyalardan istifadəsini artırmaq məqsədilə avqust və sentyabr aylarında genişmiqyaslı təlimlər təşkil olunacaq. Bundan əlavə, ilin sonunadək yerli yüksək məhsuldarlıqlı hesablama infrastrukturu üzərində işləyəcək ilk generativ süni intellekt modelinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu model təhsil platformasının milyonlarla istifadəçisinə xidmət göstərəcək.

