Azərbaycanda təhsil sahəsində göstərilən bütün elektron xidmətlər və informasiya sistemləri vahid giriş infrastrukturu ilə inteqrasiya olunub.
“Tehsil365” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Rəqəmsal arxitektura: proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda dəyirmi masada deyib. Onun sözlərinə görə, hazırda təhsil sistemi üzrə bütün məlumatlar elektron qaydada idarə olunur və xidmətlər rəqəmsal formatda təqdim edilir. İnformasiya sistemləri insan amilini minimuma endirmək məqsədilə əməliyyatların avtomatik icrası (trigger mexanizmi) prinsipi əsasında qurulub.
V.Xanlarov bildirib ki, təhsil sahəsində fəaliyyət göstərən elektron xidmətlər, informasiya sistemləri və autentifikasiya imkanları “SİMA”, “mygov” və vahid giriş sistemi ilə inteqrasiya olunub. Bu yanaşma vətəndaşlara xidmətlərin daha operativ, təhlükəsiz və şəffaf şəkildə göstərilməsinə imkan verir.

