ABŞ-nin Boston şəhərində yerləşən tarixi “Jordan Hall” konsert salonunda Boston Festival Orkestrinin müşayiətilə müasir klassik musiqinin görkəmli nümunələrindən biri - bəstəkar Kristofer Tinin "The Drop That Contained the Sea" vokal-simfonik əsəri səhnəyə qoyulub. 11 hissədən ibarət olan bu möhtəşəm əsərin "Haktan Gelen Şerbeti" adlı ikinci hissəsi böyük türk mütəfəkkiri Yunus Əmrənin sözlərinə bəstələnib və türk dilində səsləndirilib.
AZƏRTAC xəbər verir ki, konsert zamanı bu hissənin solo partiyasını hazırda ABŞ-də təhsil alan və peşəkar fəaliyyətini uğurla davam etdirən azərbaycanlı opera ifaçısı Emin İsmayılov yüksək sənətkarlıqla təqdim edib. Gənc tenorun təsirli və peşəkar ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Dünyanın müxtəlif dillərini və mədəniyyətlərini musiqi vasitəsilə bir araya gətirən bu layihədə türk dilindəki hissənin məhz azərbaycanlı sənətçi tərəfindən ifa olunması həm ölkəmiz, həm də ümumtürk mədəni irsi baxımından qürurverici hadisə, eyni zamanda Azərbaycan vokal sənətinin beynəlxalq arenada növbəti uğuru kimi qiymətləndirilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının akademik vokal ixtisası üzrə məzunu olan Emin İsmayılov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəvətli solisti kimi fəaliyyət göstərib. O, Almaniyanın nüfuzlu "İmmling" Beynəlxalq Opera Festivalında, həmçinin müxtəlif qlobal opera və simfonik-vokal layihələrində ölkəmizi uğurla təmsil edib.
Parlaq tenor səsi və yüksək vokal texnikası ilə seçilən Emin İsmayılovun zəngin repertuarına Verdi, Puççini, Donizetti, Motsart, Quno kimi dünyaşöhrətli klassiklərin əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının da zəngin vokal irsi daxildir. Gənc opera ifaçısı həm opera səhnələrində, həm də irimiqyaslı vokal-simfonik layihələrdəki çıxışları ilə milli vokal məktəbimizi beynəlxalq səviyyədə layiqincə təbliğ edir.

