“Şahdağ” Turizm Mərkəzində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 20 illik yubileyinə həsr olunmuş “TourismLAB” yay düşərgəsi təşkil olunub.
Dövlət Turizm Agentliyindən “Tehsil365”ə bildirilib ki, düşərgənin əsas məqsədi turizm sahəsində təhsil alan gənclərin peşəkar bilik və bacarıqlarının inkişafına dəstək göstərmək, onların liderlik, komanda işi və praktik fəaliyyət istiqamətində bacarıqlarını gücləndirməkdir. Düşərgə, eyni zamanda, dövlət–universitet–özəl sektor əməkdaşlığının nümunəsi kimi çıxış edərək, turizm təhsili ilə sənayenin birgə fəaliyyətinin önəmini diqqətə çatdırır.
Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), “Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Turizm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Birliyinin tərəfdaşlığı ilə təşkil olunan düşərgədə ATMU-nun tələbələri iştirak edirlər.
“TourismLAB” yay düşərgəsi çərçivəsində iştirakçılar üçün turizm sənayesinin aktual mövzularını əhatə edən təlimlər, panel müzakirələri və master-klasslar keçirilir. Bununla yanaşı, komanda quruculuğuna yönəlmiş fəaliyyətlər, intellektual və idman yarışları, şəhər turu, eləcə də müxtəlif sosial və mədəni proqramlar təşkil olunur. Düşərgə proqramı iştirakçıların peşəkar inkişafını dəstəkləməklə yanaşı, onların kommunikasiya və komanda şəklində fəaliyyət göstərmək bacarıqlarının təkmilləşməsinə töhfə verir.

