Elm və Təhsil Nazirliyinin 60 xidmətinin myGov platformasına inteqrasiyası planlaşdırılır.
“Tehsil365” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Baş informasiya direktoru Vüsal Xanlarov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, hazırda nazirliyin 8 xidməti myGov platformasına inteqrasiya olunub və bu xidmətlərdən 400 min istifadəçi yararlanır.
V.Xanlarov bildirib ki, digər xidmətlərin də platformaya inteqrasiyası nəticəsində myGov vasitəsilə təqdim olunan xidmətlərin əhatə dairəsi daha da genişlənəcək.
O əlavə edib ki, təhsil sahəsində verilən sənədlərin elektron formada vətəndaşlara təqdim edilməsi istiqamətində də işlər aparılır. Onun sözlərinə görə, peşə təhsili haqqında diplomların elektron təqdimatına artıq başlanılıb.
V.Xanlarov qeyd edib ki, yaxın vaxtlarda elektron diplom və sertifikatlar da myGov platforması üzərindən vətəndaşların istifadəsinə veriləcək.

