Azərbaycanda təhsil sənədlərinin elektronlaşdırılması istiqamətində yeni mərhələyə başlanılıb. İlk dəfə olaraq peşə təhsili alan məzuna elektron diplom təqdim edilib.
“Tehsil365” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlamasında bildirib ki, bu il ümumi təhsil üzrə attestatların, peşə təhsili üzrə sertifikat və diplomların, eləcə də ali və orta ixtisas təhsili üzrə diplom və arayışların elektron formada təqdim edilməsi nəzərdə tutulur.
O qeyd edib ki, artıq bir neçə təhsil müəssisəsi diplomları elektron qaydada təqdim edib. Yaxın günlərdə elektron diplom və attestatların "mygov" platformasında və tətbiqində əlçatanlığı təmin olunacaq.
İdarə rəisinin sözlərinə görə, təhsil müəssisəsi təhsilalan haqqında məlumatları sistemdə təsdiqləyib imzaladıqdan sonra elektron attestat, diplom və sertifikat avtomatik formalaşır. Bu yenilik sənədlərin elektron şəkildə yoxlanılmasına və vətəndaşlara daha operativ təqdim edilməsinə imkan yaradır.

