Süni intellekt təhsil sahəsində müəllimlərin iş prosesini asanlaşdıran mühüm vasitələrdən birinə çevrilir. Aparılan beynəlxalq araşdırmalar Azərbaycan müəllimlərinin bu texnologiyalardan geniş istifadə etdiyini göstərir.
“Tehsil365” xəbər verir ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib ki, OCED-in araşdırmasına əsasən, Azərbaycan müəllimləri süni intellektdən istifadə səviyyəsinə görə dünya üzrə yüksək sıralarda qərarlaşıb.
O qeyd edib ki, Azərbaycan dünyada birinci yerdə olmasa da, müəllimlər süni intellekt alətlərindən kifayət qədər geniş yararlanırlar. Xüsusilə dərslərin planlaşdırılması və hazırlanması prosesində bu texnologiyalardan aktiv istifadə edilir.
Vüsal Xanlarov bildirib ki, gələn ildən müəllimlərin illik plan və icmal hazırlamaq öhdəliyinin aradan qaldırılması nəzərdə tutulur. Onun sözlərinə görə, məqsəd müəllimlərin vaxtını sənədləşmə işlərinə deyil, dərslərə hazırlığa və tədris prosesinin keyfiyyətinin artırılmasına yönəltməkdir.

