Süni intellekt texnologiyalarının inkişafı və rəqəmsal iqtisadiyyatın tələbləri ali təhsil müəssisələrində bu sahə üzrə mütəxəssis hazırlığının genişləndirilməsini zəruri edir.
“Tehsil365” xəbər verir ki, Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsində 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində yeni ixtisaslaşmaların tətbiqi nəzərdə tutulur. Yeni istiqamətlərdən biri “Kompüter elmləri” ixtisasının “Süni intellekt” ixtisaslaşmasıdır.
Bildirilib ki, bu ixtisaslaşma süni intellekt sahəsində yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafına uyğun insan kapitalının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İxtisaslaşma çərçivəsində tələbələr süni intellekt sistemləri və texnologiyaları, maşın öyrənməsi, generativ süni intellekt, data elmi və Big Data texnologiyaları, neyron şəbəkələr, dərin öyrənmə, təbii dilin emalı, bulud hesablamaları, kompüter görməsi, data mining və digər istiqamətlər üzrə nəzəri biliklər və praktiki bacarıqlar əldə edəcəklər.

