Azərbaycan və Türkiyə universitetləri arasında akademik əməkdaşlıq çərçivəsində tələbələrin beynəlxalq təcrübə imkanları genişlənir. Bu istiqamətdə növbəti proqram Naxçıvan Dövlət Universitetinin tibb tələbələrinin iştirakı ilə həyata keçirilir.
“Tehsil365” xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsinin tələbələri Türkiyənin Ankara Universitetinin Tibb fakültəsində keçirilən klinik təcrübə proqramına qatılıblar.
Bildirilib ki, proqram NDU ilə Ankara Universiteti arasında akademik əməkdaşlıq çərçivəsində təşkil olunub. Təcrübə müddətində tələbələr Daxili xəstəliklər, Təcili yardım, Uşaq sağlamlığı və xəstəlikləri, Qadın xəstəlikləri və doğum, eləcə də Ümumi cərrahiyyə şöbələrində klinik müşahidələr apararaq müasir diaqnostika və müalicə üsulları ilə tanış olurlar.
Proqram tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, beynəlxalq tibbi təcrübə qazanmasına və gələcək peşə fəaliyyətinə daha hazırlıqlı olmalarına imkan yaradır.
Qeyd edək ki, klinik təcrübə proqramı hazırda uğurla davam edir.

