Azərbaycan ali təhsilində beynəlxalq əməkdaşlıq imkanları genişlənir. Yeni layihələr tələbələrə xarici universitetlərin təcrübəsindən yararlanmaq və beynəlxalq səviyyədə təhsil almaq imkanı yaradır.
“Tehsil365” xəbər verir ki, 2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu texniki ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start veriləcək.
Bildirilib ki, proqram elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi, kimya mühəndisliyi və inşaat mühəndisliyi ixtisaslarını əhatə edəcək. Təhsil dövlət hesabına maliyyələşdiriləcək və tədris ingilis dilində aparılacaq.
Proqram çərçivəsində tələbələr 3 il Qarabağ Universitetində, 1 il isə İstanbul Texniki Universitetində təhsil alacaqlar. Təhsili uğurla başa vuran məzunlara hər iki universitetin bakalavr diplomu təqdim olunacaq.
Tələbələr Xankəndidə müasir laboratoriyalarda təhsil almaq, Türkiyədə istehsalat təcrübəsi keçmək və yay məktəbində iştirak etmək imkanına sahib olacaqlar.
Qeyd edək ki, yeni ikili diplom proqramı Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı tədbirlər çərçivəsində həyata keçirilir və Dövlət Proqramı tərəfindən maliyyələşdirilir.

