İxtisas seçimi zamanı düzgün qərar vermək tələbələrin gələcək təhsil və karyera istiqamətlərinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan mütəxəssislər seçim zamanı yalnız qəbul imkanlarını deyil, şəxsi maraq və gələcək planları da nəzərə almağı tövsiyə edirlər.
“Tehsil365” xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bakalavr ixtisasına uyğun magistratura səviyyəsində seçilə biləcək ixtisaslaşmalarla bağlı paylaşım edib.
O bildirib ki, bakalavr pilləsində “Kompüter elmləri” ixtisasını bitirən məzunların magistratura səviyyəsində seçim imkanları genişdir. Belə məzunlar kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, data elmləri, kompüter elmləri, mexatronika və robototexnika, eləcə də hesablama fizikası istiqamətlərinə müraciət edə bilərlər.
Məleykə Abbaszadənin sözlərinə görə, bu istiqamətlər üzrə süni intellekt, maşın öyrənməsi, verilənlərin təhlili, kibertəhlükəsizlik, bulud texnologiyaları, kompüter görməsi, rəqəmsal dövlət, əşyaların interneti, blokçeyn və təbii dilin emalı kimi müasir ixtisaslaşmalar mövcuddur.
O qeyd edib ki, geniş seçim imkanları məzunlara öz sahəsində biliklərini dərinləşdirmək, informasiya təhlükəsizliyi, data elmləri və süni intellekt, mühəndislik və robototexnika istiqamətlərində inkişaf etmək, elmi-tədqiqat fəaliyyətinə başlamaq imkanı yaradır.
DİM sədri vurğulayıb ki, çoxsaylı seçim imkanları qərar verməyi asanlaşdırmır. Əsas sualın “Mən hara qəbul ola bilərəm?” deyil, “Mən hansı sahədə inkişaf etmək və işləmək istəyirəm?” olması vacibdir.

