Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Türk dünyası və Şərq ölkələri ilə elmi-humanitar əməkdaşlığın inkişafı istiqamətində ardıcıl layihələr həyata keçirir. İnstitut beynəlxalq elmi əlaqələri gücləndirərək birgə tədqiqatlar, konfranslar, seminarlar və elmi nəşrlər vasitəsilə Azərbaycanla Şərq ölkələri arasında elmi-mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verir.
“Tehsil365” xəbər verir ki, Şərqşünaslıq İnstitutu Türkiyə, İran, ərəb ölkələri, Mərkəzi Asiya və Asiya-Sakit okean regionu dövlətləri ilə elmi-humanitar əlaqələrin inkişafı istiqamətində mühüm layihələr həyata keçirir. İnstitutun fəaliyyəti çərçivəsində xarici elmi müəssisələrlə əməkdaşlıq memorandumları imzalanır, birgə konfranslar, seminarlar keçirilir, elmi nəşrlər hazırlanır və tədqiqat mübadilələri aparılır. Xüsusilə Türk dünyası, İraq-türkman araşdırmaları, Mərkəzi Asiya ölkələrinin tarixi və mədəni irsi, Çin və digər Şərq ölkələri ilə bağlı elmi layihələr diqqət mərkəzindədir.
Qeyd olunub ki, institut alimlərinin hazırladığı monoqrafiyalar, kitablar və elmi məqalələr Azərbaycan ilə Şərq ölkələri arasında tarixi-mədəni əlaqələrin öyrənilməsinə və inkişafına töhfə verir. “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)”, “60-lardan günümüzə Azərbaycan hekayəsi” kimi nəşrlər bu istiqamətdə mühüm elmi layihələrdəndir. Şərqşünaslıq İnstitutu, eyni zamanda, Azərbaycan həqiqətlərinin beynəlxalq elmi və informasiya məkanında təbliğinə xüsusi önəm verir. Alimlər xarici media və elmi platformalarda çıxış edərək Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edirlər.
İnstitutun həyata keçirdiyi layihələr Azərbaycan elminin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə, türk və Şərq xalqları arasında elmi-mədəni əməkdaşlığın inkişafına xidmət edir.

