Azərbaycan ali təhsil müəssisələrinin tələbələri beynəlxalq proqramlarda iştirak etməklə xarici dil, mədəniyyət və elmi istiqamətlər üzrə biliklərini artırmaq imkanı əldə edirlər.
“Tehsil365” xəbər verir ki, Bakı Slavyan Universitetinin (BSU) Şərqi Avropa və Balkanşünaslıq fakültəsinin Balkanşünaslıq ixtisası üzrə II tədris il tələbəsi Nihat Cəfərov Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən 49-cu Beynəlxalq Bolqar dili və mədəniyyəti üzrə Yay Seminarında iştirak edir.
Bildirilib ki, seminar iyulun 13-dən avqustun 2-dək Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universiteti, Bolqarıstan Respublikasının Təhsil və Elm Nazirliyi və Veliko Tırnovo Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilir.
Üç həftə davam edən proqram çərçivəsində iştirakçılar bolqar dili üzrə intensiv təlimlərə qatılır, ölkənin tarixi, mədəniyyəti və ədəbiyyatı ilə tanış olur, elmi mühazirələrdə, mədəni tədbirlərdə və ekskursiyalarda iştirak edirlər.
Qeyd olunub ki, Nihat Cəfərovun beynəlxalq yay seminarında iştirakı onun bolqar dili üzrə bilik və bacarıqlarının inkişafına, Balkan regionu üzrə elmi hazırlığının zənginləşməsinə, eləcə də BSU-nun beynəlxalq akademik əlaqələrinin möhkəmlənməsinə töhfə verir.

