Məktəblilərin yay tətilinin səmərəli təşkili, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif maarifləndirici layihələr həyata keçirilir. Bu istiqamətdə növbəti təşəbbüslərdən biri şəhid övladlarının iştirakı ilə təşkil olunacaq.
“Tehsil365” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən yay düşərgəsi təşkil ediləcək.
Bildirilib ki, “Zəfər” yay düşərgəsində 30 məktəbli şəhid övladı innovasiyalar sahəsində təcrübəli mütəxəssislərin iştirakı ilə keçiriləcək təlimlərə cəlb olunacaq.
Düşərgə çərçivəsində iştirakçılar intellektual oyunlarda, idman və əyləncə proqramlarında iştirak edəcək, komanda işi və liderlik bacarıqlarını inkişaf etdirəcəklər.
Layihə avqustun 21-24-də Şamaxı rayonunda yerləşən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçiriləcək.
Qeyd olunub ki, düşərgənin əsas məqsədi məktəbli şəhid övladlarının innovativ düşüncə tərzinin, rəqəmsal bacarıqlarının və liderlik keyfiyyətlərinin inkişafına dəstək olmaq, eləcə də onların yay tətilini səmərəli keçirmələrinə şərait yaratmaqdır.

