Xarici ölkələrdə əldə olunan elmi dərəcələrin Azərbaycanda tanınması ilə bağlı statistik göstəricilər açıqlanıb. Məlumata əsasən, tanınan elmi dərəcələr arasında Türkiyə ali təhsil müəssisələrinin məzunları üstünlük təşkil edir.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) 2026-cı ilin ilk yarısında xarici ölkələrdə verilmiş və Azərbaycanda tanınan elmi dərəcələr üzrə statistik məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə tanınan 48 elmi dərəcədən 25-i Türkiyədə əldə olunub. Bununla da tanınan xarici elmi dərəcələrin yarıdan çoxu Türkiyənin payına düşüb.
Statistikaya əsasən, Türkiyədən sonra ən çox tanınan elmi dərəcələr Rusiya və Ukraynaya məxsus olub. Hər iki ölkə üzrə 4 elmi dərəcənin tanınmasına qərar verilib. Fransa və Macarıstanda əldə olunan 3, Almaniyada əldə olunan 2 elmi dərəcə də tanınıb.
Həmçinin Rumıniya, Çexiya, Çin, Böyük Britaniya və Şimali İrlandiya, İtaliya, Qətər və Lüksemburqda əldə olunan elmi dərəcələr üzrə də tanınma qərarları verilib.
Qeyd olunub ki, Türkiyədə əldə edilərək Azərbaycanda tanınan elmi dərəcələrin böyük hissəsi iqtisad elmləri sahəsinə aiddir. Bu istiqamət üzrə 10 elmi dərəcə tanınıb. Digər tanınan dərəcələr isə tibb, texnika, kimya, siyasi elmlər və digər elm sahələrini əhatə edib.

