Ali təhsil müəssisələrində əmək bazarının tələblərinə uyğun yeni ixtisaslaşmaların yaradılması davam edir. Bu istiqamətlərdən biri də maliyyə idarəçiliyi və audit sahəsində peşəkar kadr hazırlığına yönəlib.
“Tehsil365” xəbər verir ki, Bakı Mühəndislik Universitetində (BMU) magistratura səviyyəsində yeni ixtisaslaşmalardan biri “Maliyyə nəzarəti və audit” olub.
Bildirilib ki, ixtisaslaşmanın əsas məqsədi maliyyə nəzarəti, audit, maliyyə hesabatlılığı, risklərin idarə olunması və daxili nəzarət sahələrində beynəlxalq standartlara uyğun yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.
Proqram çərçivəsində magistrantlar müasir maliyyə sistemlərinin təhlili, maliyyə hesabatlarının etibarlılığının qiymətləndirilməsi, müəssisələrdə daxili nəzarət mexanizmlərinin qurulması və audit proseslərinin beynəlxalq standartlara uyğun həyata keçirilməsi üzrə bilik və bacarıqlar əldə edəcəklər.
Qeyd olunub ki, bu ixtisaslaşma şəffaf maliyyə idarəçiliyinin təmin edilməsinə, dövlət və özəl sektorda maliyyə intizamının gücləndirilməsinə, korrupsiya risklərinin azaldılmasına və investor etimadının artırılmasına töhfə verəcək peşəkar auditor və maliyyə nəzarətçilərinin hazırlanmasına xidmət edir.

