Kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə təşkil olunan beynəlxalq və yerli təlim proqramları tələbələrə nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmək imkanı yaradır.
“Tehsil365” xəbər verir ki, Odlar Yurdu Universitetinin 761 TH qrupunun tələbəsi Ağazadə Nihad Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsində uğurla iştirak edib.
Bildirilib ki, iyulun 6-11-də Mingəçevir şəhərində keçirilən düşərgə çərçivəsində iştirakçılar kibertəhlükəsizlik üzrə nəzəri və praktiki biliklərini artırıblar. Proqram zamanı “Blue Team” və “Red Team” istiqamətləri üzrə təlimlər keçirilib.
Həmçinin iştirakçılar enerji sektorunda istifadə olunan müasir rəqəmsal idarəetmə sistemləri ilə tanış olmaq məqsədilə “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinə infoturda qatılıblar.
Qeyd olunub ki, tələbənin bu proqramda iştirakı onun kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının inkişafına, gələcək peşə fəaliyyətinə hazırlığına mühüm töhfə verir.

