Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) üzrə 2026/2027-ci tədris ili üçün bakalavr qrupunun formalaşdırılması məqsədilə qəbul müsahibələrinə start verilib.
“Tehsil365” xəbər verir ki, müsahibələrin ilk günü iyulun 16-da baş tutub. Seçim prosesi proqram üzrə yaradılmış xüsusi komissiya tərəfindən həyata keçirilir.
Komissiyaya ATMU-nun Dillər kafedrasının müdiri Əzizə Məmmədova sədrlik edir. Komissiyanın tərkibində Dövlət Turizm Agentliyinin aparıcı məsləhətçisi İlqarə Abdullayeva, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Karyera və məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İranə Axundova, Dillər kafedrasının dosent əvəzi Nigar Həbibullayeva və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, Azərbaycan-Avstriya Turizm Proqramının koordinatoru Aytac Babayeva təmsil olunurlar.
Qeyd edək ki, cari qəbul dövründə proqrama ümumilikdə 30 namizəd müraciət edib. Müsahibələrin ilk günündə 15 namizəd iştirak edib. Onlardan 1 nəfər “Turizm işinin təşkili” (tədris Azərbaycan dilində), 4 nəfər “Tərcüməçilik” və 10 nəfər “Turizm işinin təşkili” (tədris ingilis dilində) ixtisasları üzrə təhsil almaq üçün müraciət edənlər olub.
Müsahibə zamanı namizədlərin ingilis dili bilikləri və ünsiyyət bacarıqları qiymətləndirilir.

