Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı beynəlxalq bacarıqlar yarışlarında ölkəmizi uğurla təmsil edən iştirakçılar və onların təhsil aldıqları peşə təhsili müəssisələrinin rəhbərləri ilə görüşüb.
“Tehsil365” xəbər verir ki, görüşdə 30 iyun – 4 iyul 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Quançjou şəhərində keçirilən AQEM-in "Etibar və Bacarıqlar: Gələcəyimizi Birgə Qururuq" bacarıqlar yarışında Azərbaycanı təmsil edərək "Pilotsuz uçuş aparatlarının yığılması, sazlanması və texniki xidməti" kateqoriyası üzrə III yerə layiq görülən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunu Əli Məmmədov və Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Rauf Mirzəyevin uğuru qeyd edilib.
Həmçinin Qazaxıstanın Kokşetau şəhərində keçirilən "DOSTI Skills Kokshetau 2026" beynəlxalq sənaye yarışında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini təmsil etmiş və elektronika kateqoriyası üzrə II yerə layiq görülən tələbə Orxan Mustafayevin nailiyyəti, eləcə də yarışda ekspert qismində iştirak edən Eldar Məhərrəmlinin fəaliyyəti yüksək qiymətləndirilib.
Görüş çərçivəsində beynəlxalq bacarıqlar yarışlarına hazırlıq prosesinin gücləndirilməsi, təlim keyfiyyətinin yüksəldilməsi, mentorluq fəaliyyətinin inkişafı və peşə təhsili müəssisələrinin bu istiqamətdə rolunun daha da artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Agentlik direktoru iştirakçıları beynəlxalq arenada qazandıqları uğurlar münasibətilə təbrik edib, onların bu nailiyyətlərində əməyi olan müəllimlərə, ekspertlərə, mentorlara və peşə təhsili müəssisələrinin rəhbərlərinə təşəkkürünü bildirib. O, beynəlxalq yarışlarda əldə olunan nəticələrin Azərbaycan peşə təhsilinin inkişafını, gənclərin peşə bacarıqlarının yüksək səviyyəsini və peşə təhsili müəssisələrində həyata keçirilən keyfiyyət yönümlü hazırlıq prosesinin uğurlu nəticələrini nümayiş etdirdiyini vurğulayıb.
Görüşün sonunda iştirakçılara gələcək beynəlxalq yarışlarda uğurlar arzulanıb, onların peşəkar inkişafının bundan sonra da dəstəklənəcəyi bildirilib

