Çin Xalq Respublikasının Pekin İnşaat və Memarlıq Universitetində (BUCEA) keçirilən “Ağıllı şəhərlər üzrə Beynəlxalq Yay Məktəbi”ndə iştirak edən Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri proqramın növbəti günündə elmi mühazirə və mədəni ekskursiyaya qatılıblar.
BMU-dan “Tehsil365” ə bildirilib ki, iştirakçılar Toronto Metropoliten Universitetinin professoru, Kanada Tədqiqat Kafedrasının rəhbəri doktor Bilal Farooq tərəfindən keçirilən "Ağıllı şəhərlərdə nəqliyyat tələbatının modelləşdirilməsi üçün hibrid dərin öyrənmə və ekonometrik modellər" mövzusunda mühazirəni dinləyiblər.
Mühazirədə ağıllı şəhərlərdə nəqliyyat axınlarının və hərəkət tələbatının proqnozlaşdırılmasında süni intellekt, dərin öyrənmə (Deep Learning) və ekonometrik modellərin birgə tətbiqi, bu sahədə müasir elmi yanaşmalar və praktiki nümunələr təqdim olunub. İştirakçılar nəqliyyat mühəndisliyi, məlumat analitikası və ağıllı şəhərlərdə mobilliyin idarə olunması sahəsində beynəlxalq təcrübə ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Proqram çərçivəsində tələbələr Pekinin tarixi mərkəzində yerləşən və UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Qadağan olunmuş Şəhər (The Forbidden City) kompleksini də ziyarət ediblər.
Ekskursiya zamanı iştirakçılar Ming və Qing sülalələrinin imperator sarayı kimi fəaliyyət göstərmiş bu möhtəşəm memarlıq abidəsinin tarixi, memarlıq xüsusiyyətləri və Çin mədəniyyətindəki əhəmiyyəti barədə ətraflı məlumat alıblar. Təxminən altı əsrlik tarixə malik saray kompleksi qədim Çin memarlığının ən möhtəşəm və ən yaxşı qorunub saxlanılmış nümunələrindən biri hesab olunur.
Beləliklə, beynəlxalq yay məktəbinin növbəti günü tələbələr üçün həm ağıllı şəhərlər və süni intellekt sahəsində yeni biliklər qazanmaq, həm də Çinin zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmaq baxımından faydalı və yaddaqalan olub.

