“Son illərdə gənclərin xaricdə təhsil almağa marağında nəzərəçarpacaq artım müşahidə olunur”.
Bu fikirləri “Tehsil365” ə açıqlamasında Böyükağa Mikayıllı deyib.
Təhsil tədqiqatçısı bildirib ki, bu tendensiya həm dünyada gedən qloballaşma prosesləri, həm də gənclərin daha keyfiyyətli, beynəlxalq səviyyədə tanınan və əmək bazarının tələblərinə uyğun təhsil almaq istəyi ilə bağlıdır.
“Hazırda dövlət proqramları, universitet təqaüdləri, mübadilə layihələri, ikili diplom proqramları və onlayn müraciət imkanları xaricdə təhsili daha geniş gənclər qrupu üçün əlçatan edib. Marağın artmasının əsas səbəblərindən biri gənclərin yalnız diplom deyil, həm də beynəlxalq təcrübə qazanmaq istəyidir. Xaricdə təhsil alan tələbə yeni akademik mühitlə tanış olur, dil biliklərini inkişaf etdirir, fərqli mədəniyyətlərlə ünsiyyət qurur, müstəqil qərarvermə bacarığı əldə edir. Bu xüsusiyyətlər sonradan gənclərin əmək bazarında rəqabət qabiliyyətini də yüksəldə bilər”.
Onun sözlərinə görə, digər mühüm amil ixtisas seçimidir. Süni intellekt, informasiya texnologiyaları, mühəndislik, biznesin idarə edilməsi, tibb, biotexnologiya və digər müasir sahələr üzrə bəzi xarici universitetlər daha geniş laboratoriya, tədqiqat və təcrübə imkanları təqdim edirlər. Gənclər də gələcək karyera perspektivlərini nəzərə alaraq belə proqramlara üstünlük verirlər. Sosial şəbəkələrin verdiyi imkanlar və xaricdə təhsil üzrə informasiya resurslarının artması da bu prosesə təsir göstərir. Gənclər universitetlər, təqaüdlər və qəbul şərtləri barədə əvvəlki dövrlərlə müqayisədə daha asan məlumat əldə edirlər. Xaricdə oxuyan tələbələrin öz təcrübələrini paylaşması isə digər gənclərin də bu istiqamətdə qərar verməsinə motivasiya yaradır.
Təhsil tədqiqatçısı vurğulayıb ki, bununla yanaşı, xaricdə təhsil seçimi yalnız universitetin reytinqinə və ya ölkənin populyarlığına əsaslanmamalıdır. Təhsil proqramının keyfiyyəti, diplomun tanınması, təhsil və yaşayış xərcləri, dil tələbləri, tələbənin akademik hazırlığı, təhlükəsizlik və məzun olduqdan sonrakı karyera imkanları əvvəlcədən ciddi şəkildə araşdırılmalıdır.
“Hesab edirəm ki, xaricdə təhsilə marağın artması müsbət haldır. Lakin əsas məqsəd sadəcə xarici ölkədə diplom əldə etmək deyil, keyfiyyətli bilik, peşəkar bacarıq və beynəlxalq təcrübə qazanmaq olmalıdır. Xaricdə təhsil alan gənclərin əldə etdikləri bilik və təcrübəni sonradan ölkəmizin elmi, iqtisadi və sosial inkişafına yönəltməsi xüsusilə əhəmiyyətlidir”-deyə Böyükağa Mikayıllı əlavə edib.

