“Abituriyentlər ixtisas seçərkən tövsiyəm budur ki, hansı ixtisası öz qabiliyyətləri, xarakterləri tanımlayır o ixtisası seçsinlər”.
Bu fikirləri “Tehsil365” ə açıqlamasında Elçin Süleymanov deyib.
Onun sözlərinə görə, düzdür abituriyent qrupunu müəyyənləşdirib, hazırlıq görüb. Ona görə də təxminən hansı qrup və ixtisası seçəcəyini bilir. Amma yenə də ən yaxşısı öz bacarıq, bilik və xarakterinə uyğun hansıdırsa bununla bağlı internetdə müxtəlif psixoloji testlər var. Bu üsulu tətbiq edərək öz qabiliyyətini və istedadını aşkar edə biləcək. Məsələn, maliyyə və mühasibatlıq ilk anda eyni ixtisas kimi görünə bilər, amma mühasib səbrli, rəqəmlərlə davranmağı, ayrıntıları təqib etməyi sevən birisi olmalıdır. Maliyyəçi isə riski sevən, investisiya, qazanc və analitik düşüncə qabiliyyəti olan birisi olmalıdır. Bu bəsit bir misaldır, amma hər bir ixtisasın sahib olunacaq xarakter, qabiliyyət və mütəlif kvalifikasiya vacibliyi var.
“Birinci hansı ixtisas onun xarakterini yaxşı yansıdırsa onu seçməlidir. İkincisi isə hansı universitetdə yaxşı öyrənə bilər. Azərbaycanda kifayət qədər yaxşı universitetlərimiz var. İstər regionlarda, məsələn son illərdə Qarabağ universiteti Xankəndində bir elm mərkəzi kimi formalaşmaqdadır. Kifayət qədər yüksək ballı abituriyentlər orada təhsil alır. Həmçinin Gəncə, Mingəçevir və ya Naxçıvandaki universitetlərin son illərdə kifayət qədər yaxşı nəticələri var və beynəlxalq reytinqlərdə özünü göstərir. Yəni ixtisası hansı universitetdə yaxşı öyrənə biləcəksə onu seçməlidirlər. Əvvəlki məzunların iş tapması, bununla əlaqəli dövlət məşğulluğu agentliyinin və s. saytında universitet məzunlarının məşğulluğu, məzunlar harada işləyir və nə qədər maaş alır kimi məlumatlar izlənə bilər”.
Ekspert vurğulayıb ki, təbii ki, abituriyentlər sadəcə seçdikləri universitetdən yox, digər imkanlardan da maksimum yararlanmalıdırlar. Bəzən universitet və ixtisas düzgün seçilə bilər, amma nəticə uğurlu olmaya bilir. Bu artıq tələbənin özünə qalmış bir nüansdır ki, bəzən universitetin və ixtisasın düzgünlüyü nəticənin uğurlu olmasına gətirib çıxarmır. Bu zaman tələbəlik dövründə müxtəlif imkanlardan yararlanmalı, beynəlxalq resurslardan, müxtəlif mübadilə və ya təcrübə proqramlarından aktiv istifadə etməlidir.
“Günümüzdə ixtisaslara qoyulan tələblər çox tez dəyişir. Dijitallaşma, süni intellekt ixtisaslara olan tələbləri çox tez dəyişir. Burada populyar olan ixtisaslar, gələcəkdə iş tapdıqda çətinlik yaratmayacaq ixtisaslar hansıdır deyə soruşulsa, düşünürəm ki, İT texnologiyaları, kiber təhlükəsizlik, data analitikası, dizaynla əlaqəli süni intellekt kontekstləri yaradanlar, Sosial Media mütəxəssisləri və ya marketinqi, tibb ixtisasları hansı ki, hər zaman tələb var və məzunlarının məşğulluğu yüksəkdir. Həmçinin ekoloji təmizlik, kənd təsərrüfatı sahələri, alternativ və bərpa olunan enerji mütəxəssiləri kimi istiqamətlər düşünürəm ki, gələcəyin peşələridir və abituriyentlər müasir və gələcəyin peşələrinə yönəlsələr, bu onlar üçün faydalı olar”- deyə Elçin Süleymanov əlavə edib.

