İyulun 16-da dahi şair Molla Pənah Vaqifin yurdu Qazax rayonunda start götürən Vaqif Poeziya Günləri iyulun 18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq. Poeziya günləri çərçivəsində M.P.Vaqifin zəngin irsinə və Azərbaycan klassik poeziyasına həsr olunmuş bədii kompozisiyalar, musiqi proqramları təqdim ediləcək, rəngarəng ədəbi tədbirlər keçiriləcək.
Bu barədə “Tehsil365” Azertaca istinadən xəbər verir ki Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə məlumat verib.
O bildirib ki, builki poeziya günləri bir sıra mühüm yeniliklərlə yadda qalacaq. Belə ki, tədbir çərçivəsində ilk dəfə olaraq “Kitab dayanacağı” köşkü istifadəyə veriləcək.
“Eyni zamanda, TÜRKSOY-un tərəfdaşlığı ilə Şuşada II Türk Dünyası Gənc Şairlər Festivalı təşkil olunacaq. Bundan əlavə, proqrama Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Ramiz Rövşənlə oxucu görüşləri, eləcə də “Sözün gülüşü – Şuşa hekayələri” adlı teatral kompozisiya daxil edilib”, - deyə Vasif Qurbanzadə əlavə edib.

