“Mən Xəzəngül Məhərrəmli Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr təhsili alıram. İxtisasım Korreksiyaedici təlimdir.”
Xəzəngül Məhərrəmli "Tehsil365"ə müsahibəsində bildirib.
-Universitet həyatın barədə məlumat verə bilərsən?
Mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qruplarında təhsil alıram. Universitetə daxil olduğum ilk il universitetin şəraitinə baxdığımda məni motivasiyadan salmışdı. Çünki, şərait baxımından heç yaxşı bir universitet deyildi. Daha sonra SABAH qruplarına daxil oldum fakültə dəyişimi oldu, sonra şərait, müəllimlərin bizə baxışı dəyişdi. O fərqli bir proqramdır və orda olmaq bizə çox müsbət təsir göstərdi və onların dəstəyi, eyni zamanda müəllimlərin seçilməsi, tələbə yönümlü olması təhsil prosesimə təsir etdi. Bir sözlə desəm tələbəlik həyatım əsl tələbə formasında keçir.
-SABAH qruplarına qoşulduqdan sonra universitetdə sənə çətin gələn nə isə olub?
SABAH qruplarında mənə çətin gələn iki problem olub. Bunlardan biri bayram günü keçirilməyən dərsləri biz universitetdə qalıb keçirik. Adi qrupda oxuduğumuz prosesdə həmin dərslər başqa mövzularla birləşdirilirdi və biz əlavə dərs saatına qalmırdıq. Digər məsələ odur ki, biz adi qrupda iki semestr ingilis dilini fənnini oxuyub bitirirdik. Burada isə 6 semestr yəni 3-cü kursun sonuna qədər bizə ingilis dili tədris olunur. Buda ortalamalarımıza təsir göstərir. Çünki, ingilis dili 8 kredit verir bu isə çox kreditdir. Digər fənnlərimizin krediti az olur. Bundan əlavə heç bir çətinliyi olmuyub bizə. Başa düşürəm ki, bu da bizim təhsil prosesimiz üçündür. Yalnız akademik cəhətdən çətinliyimiz olur.
-Gələcək karyera ilə bağlı planların nələrdir?
Peşəm ağır peşədir. Hal hazırda uşaq inkişaf mütəxəssisi kimi ABA üzrə fəaliyyət göstərirəm. İşimə qarşı çox titiz yanaşdığımdan bu iş məni yorur. Gələcək planım odur ki, artıq sonuncu kursam magistraturyaya hazırlaşıb, öz ixtisasım üzrə öz universitetimdə bitirərək baza müəllim şəklində universitetdə fəaliyyət göstərmək istəyirəm. Eyni zamanda fəaliyyətim dövründə də doktorantura təhsilimi almaq və elmi adımı tamamlamaq istəyirəm.

