Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun yay onlayn lektoriyası çərçivəsində Beynəlxalq Ay Gününə həsr olunmuş “Çinin Ay Proqramı” mövzusunda mühazirə təşkil olunub. Mühazirəni Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təqdim edib.
Bu barədə “Tehsil365” Konfutsi İnstitutundan məlumat verilib.
Rafiq Abbasov çıxışında bildirib ki, Çin Ay proqramını Ay ilahəsi Çan-Enin şərəfinə “Çan-E” adlandırıb. Onun sözlərinə görə, proqramın uğurlu icrası nəticəsində Çin Aya yumşaq eniş həyata keçirən dünyada üçüncü, Ay zondlarını buraxmaq və idarə etmək imkanına malik beşinci, Ay səthində ay gəzintilərini uğurla həyata keçirən və pilotsuz tədqiqat aparan ikinci ölkə olub. Eyni zamanda, Çin Ayın görünməyən tərəfindən torpaq nümunələrini Yerə gətirməyə nail olan ilk ölkə kimi tarixə düşüb.
Direktor vurğulayıb ki, son illərdə “Çan-E” kosmik aparatları sayəsində dünyada ilk dəfə Ayın tam üçölçülü xəritəsi hazırlanıb. Çin Aya pilotlu uçuşların həyata keçirilməsini, Ay səthinə eniş edilməsini və Ayın Cənub qütbündə robotlaşdırılmış elmi-tədqiqat stansiyasının yaradılmasını planlaşdırır. Ayın yaranması və təkamülünün, eləcə də Cənub qütbündə mövcud resursların öyrənilməsi məqsədilə yaradılacaq robotlaşdırılmış elmi-tədqiqat stansiyası ilə yanaşı, Çin 2030-cu ilədək “Çançjen” daşıyıcı raketi vasitəsilə Yer və Ay arasında pilotlu uçuşların texniki sınaqlarını həyata keçirməyi, taykonavtların Ay səthinə enişi üçün isə “Lanyue” Ay eniş aparatını və “Mengzhou” pilotlu kosmik gəmisini istifadəyə verməyi planlaşdırır.
Sonda iştirakçılara Çinin Ay proqramının tarixinə həsr olunmuş “Aya uçuş” adlı elmi-sənədli film nümayiş etdirilib.

