Dövlət Proqramı təqaüdçüsü, Mançester Universitetində doktorantura təhsili alan Edqar Şahbazov alimlərin uzun illər üzərində çalışdığı mühüm elmi problemlərdən birinin araşdırılması üçün yeni tədqiqat modeli hazırlayıb.
“Tehsil365” xəbər verir ki, molekulyar biologiya istiqaməti üzrə araşdırma aparan Edqar Şahbazovun hazırladığı model genomdan tam çıxarılması canlı orqanizm üçün ölümcül nəticə doğuran genlərin və onların uyğun zülallarının funksiyalarını öyrənməyə imkan verir.
Yeni tədqiqat modelinin gələcəkdə xərçəng, Altsheymer və Parkinson xəstəlikləri, xroniki depressiya, müxtəlif ağır psixi pozuntular və digər mürəkkəb neyrodegenerativ xəstəliklər üzrə fundamental araşdırmalarda istifadə oluna biləcəyi qeyd olunur.
Edqar Şahbazov bildirib ki, bu istiqamətdə aparılan tədqiqatlar Azərbaycanın gələcəkdə biotexnologiya sahəsində beynəlxalq səviyyədə inkişafına töhfə verə bilər.
Hazırda alim Mançester Universitetinin laboratoriyasında tədqiqatlarını daha intensiv şəkildə davam etdirir.

