Azərbaycan Texniki Universitetində rəqəmsal transformasiya, innovasiya layihələri və tələbələrin müasir əmək bazarına hazırlanması istiqamətində görülən işlər müzakirə olunub. Toplantıda universitetin yeni texnoloji inkişaf planları və əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
“Tehsil365” xəbər verir ki, iclasda Şura üzvləri ilə yanaşı, AzTU-nun və Mərkəzi Bankın nümayəndələri də iştirak ediblər.
Rəqəmsal Transformasiya Şurasının sədri Telman Axundov ötən dövr ərzində görülən işlər barədə məlumat verib. AzTU-nun rektoru Vilayət Vəliyev isə universitetdə rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələrdən danışıb.
Bildirilib ki, AzTU gələn ildən Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında yaradılacaq SABAH.city kampusunda fəaliyyət göstərəcək.
Qeyd olunub ki, kampusun yaradılmasında məqsəd innovasiya yönümlü akademik mühitin inkişaf etdirilməsi, qabaqcıl təhsil ekosisteminin qurulması və tələbələrin müasir əmək bazarının tələblərinə uyğun hazırlanmasıdır.
Toplantıda Mərkəzi Bank və Azərbaycan Fintex Assosiasiyasının dəstəyi ilə AzTU-da yaradılan “FinTex” Laboratoriyasında təlimləri uğurla başa vuran tələbələrə diplom və hədiyyələr təqdim edilib.
Həmçinin AzTU İnkubasiya Mərkəzində həyata keçirilən proqramlar, startap və innovasiya sahəsinin inkişafı, eləcə də universitetin yeni Rəqəmsal Transformasiya Konsepsiyası layihəsi barədə məlumat verilib.

