Qızların təhsilinə dəstək göstərən proqramların iştirakçılarından biri olan Zərifə İlyasova təhsil yolu, əldə etdiyi uğurlar və gələcək planları barədə danışıb.
“Tehsil365” xəbər verir ki, “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının iştirakçılarından biri olan Zərifə İlyasova 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayıb.
18 yaşlı tələbə hazırda ADA Universitetində “Riyaziyyat” ixtisası üzrə III kursda təhsil alır. O, universitet seçərkən əsas meyarının güclü akademik mühit və gələcək hədəflərinə uyğun inkişaf imkanları olduğunu bildirib.
Zərifə İlyasova riyaziyyata marağının məktəb illərindən yarandığını, bu sahənin məntiqi düşünmə bacarığını inkişaf etdirdiyini qeyd edib. O, gələcəkdə süni intellekt, maşın öyrənməsi və data elmi istiqamətlərində inkişaf etmək istədiyini vurğulayıb.
Tələbə bildirib ki, süni intellekt sahəsində dünya səviyyəsində mühəndis kimi fəaliyyət göstərmək və Azərbaycanda bu sahənin inkişafına töhfə vermək əsas məqsədlərindəndir.
Qeyd edək ki, Zərifə İlyasova məktəb illərində müxtəlif fənn olimpiadalarında iştirak edib, 2022-ci ildə SASMO beynəlxalq riyaziyyat olimpiadasında qızıl medal qazanıb. O, həmçinin müxtəlif hakatonlarda iştirak edərək bu istiqamətdə təcrübə toplayıb.

