Universitet illəri həm böyük hədəflər, həm də yüksək stress deməkdir. Bəs tələbələr akademik gərginliyin öhdəsindən necə gəlməli, zehni və emosional balanslarını necə qorumalıdırlar?
“Psixoloji sağlamlığı qorumaq üçün bütün tələbələrə aid edilə biləcək yeganə universal vərdiş olmasa da, gündəlik həyatın planlı şəkildə idarə edilməsi ən vacib amillərdən biridir. Tələbəlik dövrü həm akademik məsuliyyətlərin, həm də şəxsi inkişafın yaşandığı bir mərhələdir. Bu səbəbdən günün müəyyən ardıcıllıqla planlaşdırılması psixoloji rifahın qorunmasına əhəmiyyətli dərəcədə şərait yaradır. Gündəlik plan tərtib etmək, dərs, istirahət, fiziki aktivlik və yuxu üçün vaxt ayırmaq insanın günlük yaşam keyifiyyətini artıran faktorlardandır. Günlük yaşam keyfiyyətinin yuxarı olması isə stress və narahatlıq səviyyəsinin azalmasına, diqqətin və məhsuldarlığın yüksəlməsinə müsbət təsir göstərir.” Bu barədə Xəzər Universitetinin Psixologiya Departamentinin əməkdaşı, psixoloq Mirsadiq Muxtarov “Tehsil365”ə verdiyi açıqlamada qeyd edib.
“Psixoloji sağlamlığın qorunmasında keyfiyyətli yuxu və düzgün qidalanma mühüm rol oynayır. Yetərli və nizamlı yuxu emosiyaların tənzimlənməsini, yaddaşı və öyrənmə prosesini yaxşılaşdırır. Eyni zamanda, balanslı qidalanma beynin enerji təminatına, diqqət və əhval-ruhiyyənin sabit qalmasına təsir göstərir. Qidalanma rejiminin pozulması, uzun müddət ac qalmaq və ya qeyri-sağlam qidalanma həm fiziki, həm də psixoloji vəziyyətə mənfi təsir göstərir. Bununla yanaşı, gündəlik fiziki aktivlik və açıq havada qısa gəzintilər də stressin azalmasına, əhvalın yaxşılaşmasına və ümumi enerjinin artmasına kömək edir. Məhz bu səbəbdən də də təhsil alan gənclərə, gün ərzində qısa fasilələr vermək, fiziki aktivliklər etmək tövsiyyə olunur.”
“Qeyd edilənlərlə yanaşı, tələbələrin sosial münasibətlərini qoruması da psixoloji rifah üçün mühüm əhəmiyyət daşıyır. Dostlarla ünsiyyət, ailə ilə keyfiyyətli vaxt keçirmək və ehtiyac olduqda dəstək istəmək psixoloji dayanıqlılığı artıran mühüm qoruyucu amillərdəndir. Ona görə ki, sağlam sosial əlaqələr insanın özünə inamını artırır və psixoloji dayanıqlılığın inkişafına şərait yaradır.”
Mirsadiq Muxtarovun qeyd etdiyi kimi, kiçik görünən gündəlik dəyişikliklər təhsil alan gənclərin ümumi yaşam keyfiyyətinə və akademik göstəricilərinə birbaşa müsbət təsir göstərir

