Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov İstanbula rəsmi səfəri çərçivəsində Türkiyənin Sıfır Tullantı Vəqfinin Mütəvəlli Heyəti və İdarə Heyətinin sədri Samed Ağırbaş ilə görüşüb.
Bununla bağlı “Tehsil365” xəbət verir ki, universitet mühitində sıfır tullantı modelinin tətbiqi istiqamətində geniş fikir mübadiləsi apardıqlarını bildirib.
Görüşdə, həmçinin tullantıların çeşidlənməsi və idarə olunması, karbon emissiyasının azaldılması, enerji və su resurslarından səmərəli istifadə, dairəvi iqtisadiyyat prinsiplərinin təşviqi və beynəlxalq təcrübənin öyrənilməsi də müzakirə edilib.
“Xüsusilə Mingəçevir Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Davamlı Enerji və Mühəndislik Sistemləri Tədqiqatları İnstitutu xətti ilə birgə elmi tədqiqatların, seminarların, təlim proqramlarının, praktiki ekoloji layihələrin və beynəlxalq təşəbbüslərin həyata keçirilməsi imkanlarını müzakirə etdik. Hesab edirəm ki, bu əməkdaşlıq universitetimizdə ölçülə bilən ekoloji göstəricilərə əsaslanan müasir idarəetmə mexanizmlərinin formalaşdırılmasına, tələbələrimizin yaşıl bacarıqlarının inkişafına və kampusumuzun beynəlxalq standartlara uyğun ekoloji idarəetmə modelinə keçidinə mühüm töhfə verəcək. Əminəm ki, Azərbaycan ilə Türkiyə arasında mövcud olan strateji müttəfiqlik münasibətləri yaşıl inkişaf sahəsində də yeni əməkdaşlıq imkanları yaradır. Elm və təhsil bu əməkdaşlığın ən möhkəm dayaqlarından biridir”, - deyə Anar Eminov vurğulayıb.
O, Sıfır Tullantı Vəqfi ilə qurulacaq tərəfdaşlığın yalnız iki qurum arasında əməkdaşlıq nümunəsi olmayacağına, eyni zamanda Türk dünyasında universitetlər arasında yaşıl transformasiya və dayanıqlı inkişaf sahəsində də yeni əməkdaşlıq modelinin formalaşmasına töhfə verəcəyinə inamını ifadə edib.
Anar Eminov qeyd edib ki, XXI əsr bəşəriyyət qarşısında yeni inkişaf paradiqması formalaşdırır: “Elmi-texnoloji tərəqqi, rəqəmsal yenilənmə və süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə iqlim dəyişiklikləri, biomüxtəlifliyin azalması, təbii resursların tükənməsi və artan istehlak mədəniyyəti göstərir ki, dayanıqlı inkişaf artıq alternativ deyil, qlobal gələcəyin əsas inkişaf modelidir. Bu yeni reallıq dövlətlərin strateji prioritetləri ilə yanaşı, ali təhsil müəssisələrinin missiyasını da yenidən müəyyənləşdirir. Çağdaş universitetlər bu gün bilik mübadiləsi həyata keçirən akademik məkanlar olmaqla yanaşı, yaşıl düşüncənin, məsuliyyətli idarəetmənin, sağlam həyat tərzinin və davamlı inkişaf mədəniyyətinin formalaşdığı intellekt mərkəzləridir”.
Onun sözlərinə görə, yaşıl inkişaf anlayışı təkcə ətraf mühitin mühafizəsi ilə məhdudlaşmır: “Bu, insanın həyat tərzini, düşüncə mədəniyyətini və gələcək nəsillər qarşısında məsuliyyət hissini formalaşdıran ümumbəşəri dəyərlər sistemidir. Resurslardan səmərəli istifadə, israfçılığın qarşısının alınması, sağlam həyat tərzi, sosial həmrəylik və ekoloji şüurun gücləndirilməsi bu fəlsəfənin əsas sütunlarıdır. Çünki yaşıl transformasiya ilk növbədə texnologiyaların deyil, insan təfəkkürünün yenilənməsidir.
Məhz bu baxımdan qardaş Türkiyədə formalaşdırılan Sıfır Tullantı modeli müasir dünyanın ən uğurlu ekoloji idarəetmə nümunələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır”.

