Azərbaycanın Mədəniyyət Nazirliyinin və ölkəmizin Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi Beynəlxalq Muğam Mərkəzində təşkil olunan bağlanış mərasimi ilə yekunlaşıb.
“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iki ölkə ifaçılarının iştirakı ilə rəngarəng bədii proqram təqdim olunub.
Tədbirin açılışında çıxış edən Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova iki ölkə xalqları arasında ortaq tarixi köklərə, milli-mənəvi dəyərlərə və çoxəsrlik mədəni ənənələrə əsaslanan zəngin mədəni-humanitar münasibətlərin bu gün də uğurla davam etdiyini bildirib.
Nazir müavini “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsinin bu əməkdaşlığın mühüm nümunələrindən biri olduğunu vurğulayaraq, layihə çərçivəsində Özbəkistandan olan gənclərin ölkəmizin mədəni-tarixi irsi ilə yaxından tanışlıq imkanı qazandıqlarını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Akif Marifli layihənin iki ölkə arasında yüksələn xətlə inkişaf edən mədəni-humanitar əməkdaşlığın mühüm təzahürlərindən biri olduğunu bildirib. O, Azərbaycan–Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, eləcə də mədəni əməkdaşlığın inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolunu vurğulayaraq, dövlət başçılarının bu istiqamətdə həyata keçirdikləri məqsədyönlü siyasətin ikitərəfli əlaqələrin dinamik inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə çıxışında bu konsert proqramının Beynəlxalq Muğam Mərkəzində keçirilməsinin iki ölkənin musiqiçiləri arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi, gənc ifaçılar arasında qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və ortaq musiqi irsinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin belə təşəbbüslərin bir-birinə yaxın olan Azərbaycan və Özbəkistan xalqlarının ortaq tarixi-mənəvi köklərə və zəngin ifaçılıq ənənələrinə əsaslanan musiqi əlaqələrinin daha da inkişafına mühüm töhfə verəcəyini bildirib.
Daha sonra tədbir rəngarəng musiqili-bədii proqramla davam edib. Konsertdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppası, Qarabağ Zəfəri rəqs ansamblı və Beynəlxalq Muğam Mərkəzinin ifaçıları Azərbaycan və Özbəkistan mədəniyyətinin zəngin mədəni nümunələri ilə çıxış ediblər.
Tamaşaçılara Azərbaycan və Özbəkistan bəstəkarlarının əsərləri, xalq mahnıları, muğam ənənələrini əks etdirən musiqi nömrələri təqdim olunub. Rəngarəng proqram qonaqlara xoş axşam ovqatı bəxş edib.
Beləliklə, iyulun 12–18-ni əhatə edən “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi zəngin proqram və yaddaqalan təəssüratlarla başa çatıb. Layihə Özbəkistandan olan gənclərin Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və ədəbi irsi ilə yaxından tanış olmalarına, eyni zamanda, iki qardaş xalq arasında mədəni bağlılığın və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verib.

