Qazaxıstanda ilk dəfə olaraq süni intellektlə təchiz edilmiş robot-it ictimai asayişin qorunması məqsədilə istifadə olunub.
“Tehsil365” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə regionun polis departamentinin mətbuat xidməti məlumat yayıb.
Yenilik Qarağanda vilayətində Metallurq Günü şərəfinə keçirilən kütləvi tədbirlər zamanı tətbiq edilib.
Xidməti robot-itlər polisin məlumat bazalarına inteqrasiya olunub. Bu qurğular real vaxt rejimində polisin nəzarətində olan şəxslərin üzlərini tanımaq qabiliyyətinə malikdir.
İyulun 17-18-də regionda 115 mindən çox insanın qatıldığı irimiqyaslı bayram tədbirləri keçirilib. Robot-itin köməyi ilə bu müddət ərzində dörd nəfər müəyyən edilib: aliment ödəməkdən yayınan bir vətəndaş, iki dövlət borclusu və məhkəmə tərəfindən yaşayış yerini tərk etməsi qadağan olunmuş, əvvəllər məhkum edilmiş bir kişi.
Polis əməkdaşları tərəfindən qayda pozucularının hər biri barəsində qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görülüb.

