Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) kompleks sistemlərin öyrənilməsi və müxtəlif sahələrdə tətbiqinə həsr olunmuş Beynəlxalq Yay Məktəbinin açılış mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova yay məktəbinin mövzusunun müasir elm üçün xüsusi aktuallıq daşıdığını bildirib. Rektor qeyd edib ki, mürəkkəb sistemlərin öyrənilməsi və bu sahədə multidisiplinar yanaşmaların tətbiqi həm mühəndislik və texniki elmlərin, həm də digər elm sahələrinin inkişafında mühüm rol oynayır. O, belə təşəbbüslərin AzMİU alimləri ilə yanaşı, bütövlükdə Azərbaycan elmi ictimaiyyəti üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, yay məktəbinin yeni elmi əlaqələrin qurulmasına, bilik mübadiləsinə və innovativ tədqiqatların təşviqinə töhfə verəcəyini söyləyib. Professor Gülçöhrə Məmmədova universitet rəhbərliyi tərəfindən bu cür elmi təşəbbüslərə hər zaman dəstək göstərildiyini diqqətə çatdırıb.
Daha sonra AzMİU rektorunun müşaviri, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri, dünyaşöhrətli alim, professor Məsud Əfəndiyev çıxış edib. Professor yay məktəbinin təşkil edilməsində əsas məqsədin Azərbaycanda kompleks sistemlər sahəsində elmi düşüncənin inkişafına töhfə vermək, müxtəlif istiqamətlər üzrə çalışan gənc tədqiqatçıları vahid platformada bir araya gətirmək və multidisiplinar yanaşmaları təşviq etmək olduğunu bildirib.
Məsud Əfəndiyev qeyd edib ki, yay məktəbinin keçirilməsi üçün məkan kimi AzMİU-nun seçilməsi təsadüfi deyil. Onun sözlərinə görə, universitet mühəndislik, inşaat, memarlıq, şəhərsalma, nəqliyyat, ekologiya, informasiya texnologiyaları və digər texniki istiqamətləri özündə birləşdirən nadir ali təhsil müəssisələrindən biridir. Bu xüsusiyyət AzMİU-nu kompleks sistemlərin öyrənilməsi və müxtəlif elm sahələri arasında qarşılıqlı əlaqələrin araşdırılması üçün unikal elmi platformaya çevirir.
Bildirilib ki, yay məktəbi çərçivəsində iştirakçılar mürəkkəb sistemlərin modelləşdirilməsi, fundamental elmlərlə tətbiqi sahələr arasındakı əlaqələr, süni intellekt, səhiyyə, ekologiya, iqtisadiyyat və mühəndislik istiqamətlərində müasir yanaşmalarla tanış olacaq, tanınmış alimlərin mühazirələrini dinləyəcək və interaktiv müzakirələrdə iştirak edəcəklər.
Yay məktəbində iştirak etmək üçün 46 nəfər qeydiyyatdan keçib. İştirakçıların 33 nəfəri AzMİU-nun əməkdaşları və tələbələri, 13 nəfəri isə Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Universiteti, ADA Universiteti və Qarabağ Universitetinin nümayəndələridir.
Bir neçə gün davam edəcək yay məktəbi ərzində mühazirələr, seminarlar, praktik məşğələlər və elmi müzakirələr təşkil olunacaq. Tədbirin əsas məqsədi gənc tədqiqatçılarda sistemli düşüncə tərzinin formalaşdırılması, müxtəlif elm sahələri arasında qarşılıqlı əlaqələrin dərk olunması və gələcəyin elmi çağırışlarına cavab verə biləcək yeni nəsil tədqiqatçıların hazırlanmasına töhfə verməkdir.

