BSU tələbələri Sofiya Universitetində keçirilən Bolqar dili və mədəniyyəti üzrə 63-cü Beynəlxalq Yay Seminarında iştirak edirlər
“Tehsil365” xəbər verir ki, Bakı Slavyan Universitetinin (BSU) tələbələri Bolqarıstan Respublikasının ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində təşkil edilən Bolqar dili və mədəniyyəti üzrə 63-cü Beynəlxalq Yay Seminarında uğurla iştirak edirlər.
BSU-nun Şərqi Avropa və Balkanşünaslıq fakültəsinin "Tərcümə (Azərbaycan dili - bolqar dili)" ixtisası üzrə I tədris ili tələbələri Fidan Sadıxova, Zöhrə Bədəlli və Nigar Gözəlova 12 iyul - 1 avqust 2026-cı il tarixlərini əhatə edən beynəlxalq akademik proqram çərçivəsində bolqar dili və mədəniyyəti sahəsində bilik və bacarıqlarını inkişaf etdirirlər.
Sofiya Universitetinin Slavyan filologiyası fakültəsinin təşkilatçılığı və Bolqarıstan Respublikasının Təhsil və Elm Nazirliyinin dəstəyi ilə keçirilən seminar altmış ildən artıq tarixə malik beynəlxalq akademik platformadır. Dünyanın müxtəlif ölkələrindən bolqarşünasları, slavyanşünasları, tələbələri, müəllimləri və tədqiqatçıları bir araya gətirən proqram bolqar dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin dərindən öyrənilməsinə geniş imkan yaradır.
Seminar çərçivəsində iştirakçılar bolqar dili üzrə intensiv praktik məşğələlərə qatılır, müxtəlif mövzularda mühazirələr dinləyir, tanınmış alimlərin ustad dərslərində iştirak edirlər. Proqrama həmçinin muzey və qalereyalara ekskursiyalar, görkəmli yazıçılar və elm xadimləri ilə görüşlər, film nümayişləri, yaradıcılıq emalatxanaları və Bolqarıstanın müxtəlif bölgələrinə mədəni səfərlər daxildir.
Səfər zamanı BSU tələbələri Sofiya Universitetində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzini də ziyarət edərək mərkəzin müdiri S. Şıqayeva-Mitreska ilə görüşüblər. Görüş zamanı mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr və Azərbaycan dilinin, mədəniyyətinin təbliği istiqamətində görülən işlərlə yaxından tanış olublar.

