Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında tikinti sahəsində kadr hazırlığının inkişafına yönəlmiş əməkdaşlıq memorandumu imzalanıb.
“Tehsil365” xəbər verir ki, memorandumun əsas məqsədi tikinti sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi, təhsil və istehsalat arasında əlaqələrin inkişaf etdirilməsi, peşə və ali təhsil pillələri arasında əməkdaşlığın genişləndirilməsidir.
İmzalanma mərasimində AzMİU-nun və Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri iştirak ediblər.
Memoranduma əsasən, tərəflər peşə təhsili müəssisəsinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması, tikinti sahəsi üzrə gələcək kadr ehtiyaclarının ödənilməsi, tədris plan və proqramlarının birgə hazırlanması, müəllim-mühəndis heyəti üçün ixtisasartırma kursları və təlimlərin təşkili istiqamətində əməkdaşlıq edəcəklər.
Sənədə əsasən, AzMİU bazasında ekskursiyaların keçirilməsi, mentorluq proqramları, master-klasların təşkili, yüksək texniki peşə təhsili alan tələbələr üçün motivasiyaedici tədbirlərin həyata keçirilməsi və digər birgə layihələrin reallaşdırılması nəzərdə tutulur.

