Tarixçi Nazim Xəlilov mərhum professor Əmrah Dadaşovun qardaşı qızı, tibb elmləri doktoru Yaqut Hacıyevanın təşəkkür şərhini öz Votsap statusunda paylaşıb.
“Tehsil365” həmin şərhi təqdim edir:
“BDU-nun Tarix fakültəsinin bütün əməkdaşlarına, eləcə də şərh yazan hər bir insana Əmrah müəllimin ailəsi adından təşəkkür edirəm! Əmim həyatının 59 ilini bu elm məbədinin divarları arasında keçirdi. Sutkanın ən çox saatını evdən çox universitetdə olurdu. O universitetlə nəfəs alırdı. Tələbə sevgisi onun övlad sevgisini sanki əvəz edirdi. Əmrah müəllim şəxsən mənim üçün Əmi olmaqdan əlavə İnsanlıq simvolu idi. Onun nəsihətləri, xeyirxahlığı, təmənnasız etdiyi və heç zaman dilinə gətirmədiyi yaxşılıqlar yaddaşımdan heç vaxt silinməyəcək. Mən indi daha dəqiq anladım ki, bir ziyalının, müəllimin qazandığı ən böyük mükafat fəxri adlar, titullar deyil, məhz arxasınca qoyub getdiyi tələbə ordusunun sevgisidir. Əmrah müəllim təkcə əzizlərinin xatirəsində deyil, onu sevənlərin xatirəsində də əbədi yaşayacaq. Məhz bu duyğu bizim ən böyük təsəllimiz oldu”.

