Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Beynəlxalq Türk Dövlətləri Universiteti arasında nəzərdə tutulan ikili diplom layihəsi çərçivəsində tərəfdaş universitetin nümayəndə heyəti ADNSU-ya səfər edib.
ADNSU-dan “Tehsil365” ə bildirilib ki, səfərin əsas məqsədi ADNSU-nun tədris və laboratoriya imkanları ilə yaxından tanış olmaq, ikili diplom proqramının gələcək fəaliyyət istiqamətlərini müzakirə etmək, eləcə də layihə ilə bağlı kommunikasiya və PR materiallarının hazırlanması üçün məlumat toplamaq olub.
ADNSU tərəfindən görüşdə beynəlxalq əlaqələr üzrə prorektor Nigar Adilova, Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli iştirak ediblər. Özbəkistanın Beynəlxalq Türk Dövlətləri Universitetini isə səfər zamanı Qəbul şöbəsinin müdiri Barno Muratova və menecer Shahzoda Nazarova təmsil ediblər.
Səfər çərçivəsində mümayəndə heyəti ADNSU-nun Kimya laboratoriyalarına, Azərbaycan-Fransız Universitetinin (UFAZ) müasir laboratoriyalarına, Universitetin Tarix Muzeyinə və Mineralogiya Muzeyinə baş çəkib. Qonaqlara laboratoriyalarda həyata keçirilən tədris və tədqiqat fəaliyyəti, mövcud avadanlıqlar, tələbələrin praktiki hazırlıq imkanları və universitetin elmi infrastrukturu barədə ətraflı məlumat verilib.
Tərəfdaş universitetin nümayəndələri ADNSU-nun tədris modelini, laboratoriya bazasını və tələbələr üçün yaradılmış imkanları nəzərdən keçirərək, bu təcrübənin həyata keçirilməsi planlaşdırılan layihə üçün uğurlu bir model kimi yüksək əhəmiyyətə malik olduğunu qeyd ediblər.

