Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dosenti Arzu Hüseyn Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində həyata keçirilən Türkiye Bursları proqramının qalibi olaraq 2025-2026-cı tədris ilində Türkiyə Respublikasının nüfuzlu Ankara Hacı Bayram Veli Universitetinin Turizm fakültəsində elmi tədqiqat aparıb.
ATMU-dan “Tehsil365” ə bildirilib ki, dosent Arzu Hüseyn professor Muharrem Tunanın elmi rəhbərliyi ilə "Türk Dünyası 2040 Vizyonu”nun türk dövlətlərində turizmin inkişafında rolunun araşdırılması" mövzusunda tədqiqat həyata keçirib və cari ilin iyul ayında işi uğurla yekunlaşdırıb.
Tədqiqat çərçivəsində Arzu Hüseyn professor və Muharrem Tuna 15-17 aprel 2026-cı il tarixlərində Ankarada keçirilən “7th International Travel & Tourism Dynamics” (7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası) Konqresində "Azərbaycan: Davamlı turizm üçün strateji baxış" adlı məruzə ilə çıxış ediblər.
Bununla yanaşı, tədqiqat əsasında hazırlanmış elmi məqalə “Scopus” bazasında indekslənən jurnalda dərc olunması üçün təqdim edib.
Dosent Arzu Hüseynin müəllifi olduğu "Vizyondan İcraya: 'Türk Dünyası Baxış 2040' kontekstində qastronomiya turizmi potensialının reallaşdırılmasının strateji təhlili" adlı elmi məqalə isə 25-27 sentyabr 2026-cı il tarixlərində Ankara Hacı Bayram Veli Universitetində keçiriləcək VIII Uluslararası Türk Dünyası Turizm Konqresində təqdim olunmaq üçün qəbul edilib.
Tədqiqat müddətində ATMU ilə Ankara Hacı Bayram Veli Universiteti arasında akademik əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də fəal iş aparılıb, elmi əlaqələrin genişləndirilməsi və gələcək birgə təşəbbüslərin formalaşdırılmasına töhfə verib.

