Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kimya mühəndisliyi” proqramı üzrə müəllimi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Strasburq Universiteti (Unistra) arasında həyata keçirilən “Cotutelle” doktorantura proqramının doktorantı Leyla Əliyeva Fransanın Strasburq Universitetində doktorluq dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb.
UFAZ-dan “Tehsil365” ə bildirilib ki, Leyla Əliyeva “Hidroksiapatit nanohissəciklərinin sintezi və mikrofluidik proseslər vasitəsilə hidroksiapatitlə gücləndirilmiş polimer mikroliflərin hazırlanması” mövzusunda dissertasiya işini Strasburq Universitetinin Şarl Sadron İnstitutunda müdafiə edib. Elmi tədqiqat Ülviyyə Həsənova, Christophe Serra və Delphine Chan-Seng-in elmi rəhbərliyi altında həyata keçirilib. Dissertasiya çərçivəsində əldə olunan nəticələr sümük toxuması mühəndisliyi, regenerativ tibb və biomaterialların hazırlanması istiqamətində perspektivli elmi yanaşmalar təqdim edir.
Dr. Leyla Əliyevanı bu mühüm nailiyyət münasibətilə təbrik edir, ona gələcək elmi və peşəkar fəaliyyətində yeni uğurlar arzulayırıq.

