“Təhsil sistemi əlbəttə dəyişdirilməlidir”.
Bu sözləri “Tehsil365” ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Ekspert bildirib ki, hal-hazırda orta ümumi təhsil məktəblərindən söhbət gedir ki, təhsil qəribə vəziyyətdədir. Bizim təhsil sistemi yarısı sovetdən gələn, yarısı müasir təhsil sistemidir. Kurikulum təhsil sistemi altında tədris prosesini həyata keçiririk, amma hal-hazırda qəbul prosesində yuxarı sinif şagirdləri çox ciddi əziyyət çəkirlər.
“Mən təklif etmişdim ki, təhsil sistemini biz 3 hissəyə bölək. Birincisi ibtidai təhsil sistemi hansı ki, 1-ci və 4-cü siniflər ibtidai təhsili əks etdirir. İbtidai təhsil bitdikdən sonra 5-ci və 9-cu siniflər icbari təhsil olur. Burada artıq bütün fənlər tədris olunur bütün vəhdətdə. Mən 12 illik təhsil sisteminə keçidi təklif etmişdim. 10,11,12-ci siniflərdə isə ali yəhsil müəssisələrin qəbul istiqamətində dərsliklər proqramlaşdırılacaq və tədris prosesi ona uyğun həyata keçiriləcək”.
Onun sözlərinə görə, bu gün bizim yuxarı sinif şagirdlərimizin kurslara, repetitor hazırlıqlarına istiqamətlənməsinin əsas səbəblərindən biri budur. Yəni uşaqlar orta məktəbdə, universitetə hazırlıq istiqamətində lazımi məlumatları əldə edə bilmədikləri üçün əlavə dəstək axtarırlar.
“Hal-hazırda bizdə pilot məktəblər açılır. Pilot məktəblərdə nə dərəcədə, nə qədər uşağın əhatə edəcəyi də ayrı məsələdir, amma mən düşünürəm ki, ümumi olaraq təhsil sistemində bu həyata keçirilməlidir. Dəyişmədikcə bizim inkişafımız biraz çətin görünür. Biz nə isə düzəltməyə çalışırıq, amma düşünmürük ki, sökük şalvar üzərində müəyyən təmir işləri görürük. Bu şalvarı dəyişsək daha yaxşı olar. Sökük şalvar üzərində iş görəndə həm eyib görünür, həm də bu arzuolunan şalvar formasından kənara çıxmış olur”.

